Leyli və Məcnun - Məmmədli Vahid страница 6.

Шрифт
Фон

Əl-Qasımi əvvəlki təkəbbürünü bir az azaltsa da, xasiyyəti heç dəyişməmişdi. Bir Ramazan iftarında Nofəlin ona verdiyi sualı isə heç unuda bilmirdi. Ağıl yaşda deyil, başdadır misalını öz-özünə təkrarlayır, Nofəlin suallarına bir vaxtlar çətinliklə də olsa, verdiyi cavabdan başqa cavab tapa bilmirdi.

Pislikləri kainatda kim yaradıb?

Günahlara yaranışdan Yer kürəsi nədən batıb?

Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?

İbadətmi yer üzünün çıxış yolu, yoxsa ölüm?

Bədəvi ərəblərdə yalnız karvan soyan quldurlar şair olurdu. Tacirlərdən, dövlət adamlarından, din xadimlərindən şair nadir hallarda çıxardı. Bu, karvanbasanların daha azad ruhlu qəbilələrdən olduqlarına dəlalət etsə də, şeir yazmalarına səbəb çoxlu suallarının olması idi onlar dünyanı məktəbdən deyil, həyatdan öyrənirdilər.

İndi Nofəlin sual dolu şeirini hər gün təkrarlaya-təkrarlaya şaurma satan əl-Qasımini, əslində, nə sual, nə şeir, nə də tutarlı bir cavab maraqlandırırdı. Onu maraqlandıran yalnız pul idi.

Müləvvəh Rüqəyyanın kənizi Səliməyə tapşırmışdı ki, son dönəmlər arvadından daha da muğayat olsun. Çalış onu gözdən qoyma. Yaddan çıxarar, ağır bir şey götürər. Bax ki, Rüqəyya vaxtlı-vaxtında doğru-düzgün yemək yesin. Yuxusuna, istirahətinə diqqət etsin. Müləvvəh karvan yollarında, iş başında olduğundan ürəyi rahatlıq tapmır, fikri-zikri arvadının və doğulacaq övladının yanında qalırdı.

Səlimə ona tapşırılmış işin öhdəsindən yaxşı gəlirmiş kimi davransa da, artıq Rüqəyyanı əsəbiləşdirməyə başlamışdı. Qadın, demək olar, hər şeyə qarışır, otur, sən tərpənmə, ona dəymə, bunu götürmə, yemək ye, su iç və bu qəbildən daha nələrsə danışdıqca, Rüqəyyanın acıqlanmağa üzü gəlməsə də, hiss edirdi ki, Səlimə onu bezdirir. Bu gün isə Rüqəyya bir şeyə əmin oldu ki, Səlimə təkcə onu bezdirməyib, səsi gələndə uşaq da tərpənib qarnını təpikləyir, sanki etiraz edirdi. Qadının səsi kəsilən kimi uşaq sakitləşirdi. Eyni təpkiləri uşaq əl-Qasımi ilə arvadı onlara dəvətsiz ziyarətlər edəndə də verirdi. Rüqəyya hiss edirdi ki, bətnindəki adi körpə deyil

Vaxt yaxınlaşdıqca Müləvvəh övladının dünyaya təşrif buyurmasını həyəcanla gözləyir, arvadını bir an belə tək qoymamağa çalışırdı. Bir gün günəş batandan sonra möcüzə baş verdi. Həmin gün qəbilədə bir-birinin ardınca üç körpə dünyaya gəldi Müləvvəh və Səidin oğlu, Fəttahın isə qızı doğuldu. Mamaçalar bütün gecəni ora-bura qaçışırdı, qəbilə üzvlərinin sevinc və həyəcanı bir-birinə qarışmışdı.

Uşaqlar üçü də ay parçası kimi gözəl, sağlamdılar, vaxtlı-vaxtında yeyir, yatırdılar. Bircə iş vardı ki, Qeys durmadan ağlayırdı. Körpəni yırğalamaqdan Müləvvəhin də, Rüqəyyanın da qolları sözlərinə baxmır, onun səsi bütün qəbiləni başına alırdı. Neçə loğman çağırsalar da, körpənin dərdinə çarə tapa bilmirdilər. Uzun illər sonra övlad sevincinə qovuşan Müləvvəh və Rüqəyya bir neçə gün ərzində sanki neçə il qocalmışdılar.

      Balaca Qeys ana bətnində iki fərqli əlin istisini həmişə hiss edir, bu əllərin onu qoruduğunu duyurdu. Amma son vaxtlar ona doğru qara bir kölgənin gəldiyinin fərqində idi. Bu kölgənin özü də, səsi də Qeysi qorxudurdu. Dünyaya göz açıb gün işığına çıxandan sonra həmin qara kölgənin həniri daha yaxından gəlir və Qeys dayanmadan ağlayaraq, sanki öz valideynlərini xəbərdar etməyə çalışırdı.

Hələ də nəfəsi qarala-qarala ağlayan körpənin yanına onun kimi qığıldayan, onun boyda bir canlı qoydular. Nəfəsi çox ilıqdır. Qoxusu isə hələ yeni öyrəndiyim, heç vaxt hiss etmədiyim bir ətirdir. Özümü necə də xoşbəxt hiss edirəm! Şükürlər olsun ki, qara kölgə də harasa lap uzaqlara çəkilib! Ana, ata, baxın, heç ağlamıram! Mən bu nəfəsin daim yanımda olmasını istəyirəm!.

 Şükürlər olsun, ağlamağını kəsdi. Allah səndən razı olsun, Sayda. Sən olmasaydın, biz nə edərdik? Allah balaca Leylini qorusun!,  Rüqəyya dil-ağız edirdi.

 Qeysin səsi bizim evə kimi gəlib çatır. Ürəyim dözmədi. Fəttahın yatdığını görüb Leylini də götürüb gəldim.

Qeys neçə gündən bəri ilk dəfə səhərə kimi sakitcə yatdı, valideynləri də rahat nəfəs alıb şirin yuxuya daldılar.

Dünənki o gözəl qoxu harasa gedib, yanımda yoxdur. Ana, ata, o kim idi? Getdi harasa? Niyə yanımdan götürmüsüz? Mən o gül nəfəsi istəyirəm Qarnı tox, altı quru olsa da, Qeys yenə ağlamağa başladı.

Müləvvəh Qeysin ağlamasını eşidib, ona yaxınlaşdı. Körpənin beşiyi başındakı Səliməyə acıqlandı:

 Sən onu niyə tərpədirsən?! Yaxşıca sakit durmuşdu!

 Dedim başının altını düzəldim,  qadın günahkarcasına cavab verdi.

 Sənə deyilməmişdi ona toxunma?!

Müləvvəh sanki indi anlamışdı ki, Səlimə hər dəfə yaxınlaşdıqda Qeys ağlamağa başlayır: Nahaq deməyiblər ki, yeni doğulmuş körpənin yanına qırx gün naməhrəm buraxmayın.

Cibindən çıxardığı ağzıbağlı kisəni Səliməyə uzatdı, al, haqqını halal elə, çilləsi çıxmayınca gəlmə.

Səlimə pul kisəsini qapıb evdən çıxanda Müləvvəh qəti bu fikrə gəldi ki, Səliməni uzaqlaşdırsın. Qeys bir də o günlərdəki kimi çox ağlamadı.

Müləvvəh əmin idi ki, ağ işığın onu seçdiyi həmin gecə oğlu Rüqəyyanın bətninə düşüb. O, sövq-təbii ilə Qeysin adi bir uşaq olmadığını hiss edir, həssas ruhlu olduğunu duyurdu. Bəlkə də, Səlimə heç kimin bilmədiyi cin, ifritədir. İnsan qiyafəsində dolaşan cinlərin sayı-hesabı yoxdur. Kaş, ətrafımızdakı həmin o insan qiyafəli məxluqları tanıya bilək. Gərək bundan sonra diqqətli olaq.


V fəsil


Körpəlikdən Leylinin gözəlliyi dillər əzbəri idi. Fəttah bir vaxtlar heç Saydanı da belə qısqanmamışdı. Bu gözəl çiçək böyüdükdən sonra onu elə bir əl dərməlidir ki, həm Leylini sevib qorusun, həm də Fəttaha əsl oğul olsun. Qızının varlığına hər gün şükür etsə də, oğulsuzluq nisgilini unutmurdu.

Qeys Zeydlə birlikdə boy atıb böyüyür, oynayırdı. Ətrafdakı hər şeylə maraqlanır, hər şeyi bilmək istəyirdi. Gözləri üstündə olsa da, valideynləri ona sərbəstlik vermişdilər, ürəyi istədiyi vaxt evdən çıxıb tay-tuşları ilə oynaya bilərdi. Hardan tanıdığını xatırlamadığı bir qoxunun, nəfəsin şüursuz arayışında idi. Axtardığının hardasa yaxında olduğunu sövq-təbii ilə hiss etsə də, hələ ki onu tapa bilmirdi.


***


Artıq böyümüşdülər. Leylinin valideynləri onun çölə çıxmasına nadir hallarda imkan verirdilər. Sayda onun yalnız bacısı qızı Ayişə ilə oynamasına razı olurdu.

Nofəl hərb və dövlət işlərindən vaxt tapan kimi Bəndovana gələr, həm Müləvvəhgilə, həm əmisi Səidgilə baş çəkər, sonra da bütün qəbilə üzvləri ilə görüşüb əlindən gələn köməyi onlardan əsirgəməzdi. Bəni-əmir qəbiləsi onunla qürur duyur, hər uğuruna sevinirdi. Budəfəki gəlişinin məqsədi qəbiləsi üçün mədrəsə açdırmaq idi. Oğlanlı-qızlı qəbilənin hər bir gəncinin, uşağının təhsil almasını vacib sayırdı. Qeysə isə diqqəti xüsusi idi. Onu qardaşı qədər sevir, hər gələndə hədiyyələr alıb gətirirdi.

Qeyslə Zeyd evin qabağında, Müləvvəhin illər öncə əkdiyi sərv ağaclarının altında, Nofəl, Müvəlləh və Səid isə bir az aralıda oturmuşdular. Böyüklər bədəvi qəhvəsi içib söhbət edirdilər. Uzaqdan Əl-Qasımi göründü. Köhnə xasiyyəti idi, Nofəlin gəldiyini eşidən kimi tez özünü yetirər, ona xoş gəlmək üçün hünərlərini ağızdolusu öyər, zarafatlar edər, uzun-uzadı xatirələrindən, dünyada gördüklərindən danışardı. Nofəl onu görcək görəsən, biz də qocalanda belə boşboğaz olacağıq? deyə zarafat etdi, gülüşdülər.

Əl-Qasımi yeniyetmələrin yanından ötəndə nəvaziş göstərmək üçün əlini Qeysin saçlarına uzatmaq istədi. Qeys artıq unutduğu həmin o qara kölgənin üzərinə yeridiyini hiss etdi, qorxudan bütün bədəni titrəməyə başladı, geri-geri çəkilib özünü Nofəlin üstünə atdı.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Популярные книги автора