Onlar özlərini insanların malını, canını qoruduqlarına, Allah qarşısında təmiz olduqlarına inandırmışdılar. Biz olmasaq, ticarət ölər, deyirdilər, o qədər quldur dəstəsi yaranar ki, hansı karvanı kimin talan etdiyi bilinməz. Onlarla dil tapmağı artıq hökmdarlar da sərkərdələrinə əmr etmişdilər. Bəzən bir qoşundan da güclü olurdular. Hardan gələcəkləri, nə zaman hücum edəcəkləri bəlli olmazdı. Bu, bədəvilərin sirri idi, heç bir dövlətə, hökmdara boyun əyməzdilər.
Harun ər-Rəşid tədbirli davranıb bu tayfanın bütün Ərəbistana səpələnmiş karvan yollarına nəzarət edən bir neçə tanınmış başçısını saraya gətirməklə, onları tam nəzarətə götürdü. Etibarlılığı ilə tanınan Bəni-Əmir qəbiləsinin üzvlərini Harun ər-Rəşid şəhərlərə, böyük ərazilərə öz nümayəndəsi təyin etmişdi.
Qəbilənin başçısı əl-Müləvvəh ibn əl-Müzahim idi. Lap gənc yaşında qəbilə başçısı olan atası onu sevdiyi qızla evləndirmişdi. Amma əl-Müzahim bu dünyadan nakam köçdü. Oğlu Müləvvəh on ildir evlənsə də, övladı yox idi. Əl-Müzahim ölməmişdən bir müddət əvvəl Həcc ziyarətinə gedib Kəbə evində xeyli dua etmişdi. Ziyarətdən qayıdandan sonra yuxuda görmüşdü ki, səhralıqdakı uzun saçlı, qara gözlü bir uşaq ona əl edib çağırırdı. O, hər dəfə yaxınlaşanda gözdən itən uşaq az sonra görünür və yenidən yoxa çıxırdı. Birdən qum tufanı başladı. Güclü külək burulğan yaradıb, qaragözlü körpəni də sovurub özü ilə apardı Yuxudan ayılanda oğlu əl-Müləvvəhi yanına çağırıb dedi:
Artıq əminəm ki, mənə nəvə görmək qismət olmayacaq. Bilirəm, sən Nofəllə təskinlik tapırsan, amma nəslimin davamçısının olmayacağını fikirləşəndə məni nisgil bürüyür. Sənə yüz dəfə dedim başqa qadınla evlən, dedin ki, Allah məsləhət bilsə, buna da övlad verər. Həyatına qarışmaq istəmədim. Bizimki də belə gətirdi. Buralar bizə düşmədi. Kimə salam verirsən, sənin sonsuzluğunu eşitdirir. Nifrət edirəm buralara. Sənə vəsiyyətimdir, köç get bu yerlərdən. Bəlkə də getsən, həyatın dəyişəcək
Üç gün keçməmiş atası vəfat etdi. Qəbri başında bir neçə gün o qaldı, bir də səkkiz yaşlı Nofəl. Əl-Müləvvəh atasının ölümündən sonra bu uşağa daha da bağlandı.
Nofəlin atası Amir, yaxınlıqda yaşayan Fəttah və əl-Müləvvəh yaşıd idi, üçü də, demək olar, eyni vaxtda evlənmişdi. Karvan soymağa da birlikdə gedirdilər. Növbəti soyğunların birində heç vaxt qarşılaşmadıqları güclü müqavimətə rast gəldilər. Karvandakılar çox, onlar isə cəmi üç nəfər idi. Amir möhkəm yaralanmışdı. Son nəfəsində ailəsini dostlarına əmanət edib, gözlərini dünyaya əbədi yumdu.
Altı ay boyunca Amirin hamilə arvadının bir kəlməsini iki etmədilər, hər diləyini yerinə yetirdilər, hər nazını çəkdilər. Amma Amirin övladının bəxti qara gəldi, o doğulanda anası da öldü.
Müləvvəh körpəni evinə gətirdi. Arvadı Rüqəyyanın körpəni kimsəyə vermək istəməsə də, Fəttahın arvadı Sayda uşağı ondan almağa çalışdı. Axşam çağı kişilər qayıdanda bütün qəbilənin Müləvvəhin evinin qabağına yığıldığını gördülər. Qadınlar körpənin üstündə saçyolduya çıxmışdılar. Qəbilənin ağsaqqalları Amirin qardaşı Səidi çağırıb, uşağı onun qucağına qoydular: Onu ən çox sən haqq edirsən, bu körpə sizinkidir.
Uşaq qardaşının yadigarı olsa da, Səid Müləvvəhdən keçə bilmirdi. Boynunda haqqı böyük idi. Ağsaqqallar apar uşağı evinizə deyib Səidi yola salanda Müləvvəhdən gözünü çəkməməyi, mənalı baxışmaları Fəttahın diqqətindən qaçmadı: Niyə hamı Müləvvəhə yaltaqlanır? Bəyəm, biz Amirlə dost deyildik?! Evə gələndə arvadı Sayda Rüqəyyanın onun saçlarını yolduğundan şikayətlənir, ərindən bir də Müləvvəhlə oturub-durmamağı tələb edirdi.
Sonralar Fəttaha məlum olurdu ki, Müləvvəh və Rüqəyya uşağı görmək üçün hər gün Səidgilə gedirlər. Onlar hər axşam balaca Nofəli öpüb-oxşaya bildikləri halda, onu və Saydanı Səid bir dəfə də olsun, evinə dəvət etmədi. Fəttahın ürəyi parçalansa da, arvadını pərişan etməmək üçün hər dəfə ona deyirdi ki, qoy, Nofəl bir az böyüsün, onu hökmən öz tərəfimə çəkəcəm ondan sonra görək aramıza kim girəcək.
Aylar, illər keçsə də, bu iki ailənin münasibəti düzəlmədi. Bir-birini görəndə qovğa-dava etməsələr də, əvvəlki isti münasibətləri də yox idi. Digər qəbilə üzvləri də olmaqla yenə birlikdə karvan soymağa getsələr də, Fəttahın eyni açılmırdı. Müləvvəhin isə əhvalı da yaxşı idi, qəbilədə hamı ilə münasibəti də. Yaşı elə çox olmasa da, böyük-kiçik hər kəs onu qəbilənin atası sayırdı. Özünə Fəttahın kin bəsləməsini də görməzdən gəlir, ona hörmətlə yanaşırdı.
Xəbər gətirdilər ki, Oman tərəfdən böyük bir karvan gəlir, əsas yükü də buxur və qızıldı. Müləvvəh xeyli gözləsə də, həmin karvanın sahibləri, adəti üzrə olduğundan fərqli olaraq, bu dəfə elçilərini göndərmədilər.
Həmişəki kimi iki dəstəyə bölünüb sağdan və soldan hücuma keçəcəkdilər. Karvan böyük olduğundan qəbilənin on iki yaşdan yuxarı bütün gəncləri dəvə belində, at belində idi. Sağ cinahdan Fəttahın, sol cinahdan Müləvvəhin dəstəsi hücuma keçəcəkdi. Nofəlin öz dəstəsinə düşdüyünü görəndə Fəttahın uçmağa qanadı yox idi. On iki ildən bəri əlinə ilk dəfə düşən bu fürsəti dəyərləndirib Nofəli özünə tərəf çəkəcəkdi. Sağlam, ucaboylu, ağıllı və zəkalı yeniyetmə olan Nofəl illərdir övlad sahibi ola bilməyən hər iki ailənin arzusunda olduğu oğul idi. Müləvvəh bu işi zamanın, qismətin axarına nə qədər buraxsa da, Fəttah tələsir, vaxtın onun əleyhinə işlədiyini düşünürdü bir az da geciksə, gec olacaqdı!
Həmişəki kimi, pusqu qurduqları yerdən Omandan gələn karvanın üzərinə qara yel kimi şığıdılar. İlk həmlədəcə Müləvvəh anladı ki, bu, qurğudur kimlikləri bəlli olmayan karvanbasanlar onları sıradan çıxarmaq üçün tələ qurmuşdular. Ən dəhşətlisi isə o idi ki, dəvələrin iri xurcunundakılar buxur və qızıl deyil, hazırlıqlı döyüşçülər idi.
Müləvvəh bölgüdə qəbilənin ən qoluqüvvətlilərini Fəttahın dəstəsinə yerləşdirmişdi, öz dəstəsində isə iki nəfərdən başqa qalanı uşaqlar idi. Odur ki, öz iki döyüşçüsünə uşaqları qorumaq üçün kənara çəkilmək əmri verib, meydanda tək qaldı.
Nofəlin yanında olmasından Fəttahın qollarına əlavə güc-qüvvə gəlmişdi. Belə bir ağır döyüşdə imkan tapıb böyüklərdən geri qalmayan Nofələ təriflər yağdırırdı:
Əla vuruşursan, Nofəl! Səni Allah qorusun, Nofəl! Sən hamıdan güclüsən, Nofəl!
Fəttah on nəfərə qarşı vuruşmağın Müləvvəh üçün çox çətin olduğunun fərqinə varsa da, özünü görməzliyə vurub beyninin bir küncündə onun öləcəyinə, yolundakı səddin aradan qalxacağına ümid edirdi. Özünə rəqib gördüyü biri əbədi olaraq yolundan çəkilsə, bəlkə də, onu qəbilə başçısı seçəcəkdilər. Hər halda, ümidini üzmürdü. Üzünü çevirəndə Nofəli yanında görmədi, sağa-sola boylandı. Birdən qarşı tərəfdə karvanın o biri üzündə kürəyini Müləvvəhin kürəyinə söykəyib vuruşan Nofəli görəndə qəzəbindən zəncir çeynədi.
Döyüşü udub dörd qulduru əsir götürdülər. Müləvvəh əlini Nofəlin çiyninə qoyub:
Artıq əsl karvanbasansan. Əhsən sənə! deyə onu öydü.
Nofəlin igidliyi haqqında söz-söhbətlər sürətlə bütün qəbiləyə yayıldı. Zarafat deyil, o, qəbilənin günəşi Müləvvəhi qorumuş, bəlkə də, ölümdən xilas etmişdi. Bundan sonra qəbilədə Müləvvəh deyəndə Nofəl əl-Amiri, Nofəl deyəndə Müləvvəh yada düşürdü. Müləvvəh Nofələ ən qiymətli parçalardan əlbisələr almışdı, Rüqəyya onun sevdiyi yeməkləri bişirirdi. Şahinlərini qollarına qondurub, kəklik ovlayıb həyatdan ləzzət alırdılar. Müləvvəh övladsızlığı unutmuşdu, Nofəl isə arxasında ata-ana əvəzi onları görürdü. Bu üçlük nə qədər xoşbəxtiydisə, Fəttah və Sayda bir o qədər kin-küdurətliydi.