Ramazan ayının son həftəsi qazanlar asılmış, dəvə əti yağda qıpqırmızı qovrulmuş, sini-sini plovlar ortalığa düzülmüşdü. Bir azdan bütün qəbilə başçı əl-Müləvvəhin qurduğu böyük süfrədə iftarını açacaqdı. Uca Allaha şükranlıq duaları oxunduqdan sonra qəbilənin böyükləri dünyanın gərdişindən, on bir ayın sultanının fəzilətindən söhbətlər edir, gənclər qulaq asırdılar. Əslində, Ramazan ayının ən böyük qazancı da səmaya bülənd olan duaların çoxalması ilə yanaşı, ağsaqqallar və elm adamlarının onlara ünvanlanan sorğulara sual verənlərlə birlikdə cavab arayışına çıxmalarında idi. İl ərzində hansısa səbəbdən övladlarının üzünü görməyən atalar onların çəkinmədən hamının yanında verdiyi sualı dinləyir, həm qürur duyur, həm də mənən ondan uzaq düşmüş övladının nə düşündüyünü bilirdi. Bu minvalla keçən Ramazan təkcə nəfsinə hakim olmağın sınaq ayı deyil, həm də dünyanı, kainatı, doğuluşu, ölümü, həyatın mənasını dərk ayı, elm ayı idi.
Əl-Amiri tayfasının əldə etdiyi qənimətlərin satışı ilə məşğul olan, hər il ən böyük bazarlarda alış-veriş edib dünyanın hər yerindən məlumatlı olan əl-Qasımi adlı qoca vardı. O həm də Fəttahın əmisi, böyüdüb yetişdirən ata əvəzi idi. Tanıyanlar bilirdilər ki, ondakı təkəbbür, dikbaşlılıq əmisindən keçib. Əl-Qasımi özünü ən təcrübəli, ağıllı insan, ən maraqlı həmsöhbət kimi təqdim etməyi, beyinlərə yanlışı da doğru kimi yeritməyi, qarşısındakının gözünü boyayıb özünə sayğı duydurmağı əla bacarırdı.
***
Uzun yay gecələrində hündürdən süzülən bədəvi qəhvələrindən kimsə doymur, söhbət uzandıqca uzanırdı. Bu dəfə Nofəl Fəttahın əmisinə elə bir sual verdi ki, hər kəs susub qəbilənin qəhrəmanının hansı cavabı alacağını maraqla izləməyə başladı:
Pislikləri kainatda kim yaradıb?
Günahlara yaranışdan Yer kürəsi nədən batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün çıxış yolu? Yoxsa ölüm?
Təkəbbüründən yeri-göyü titrədən, özünü hamıdan ağıllı sayan Əl-Qasımi hiss etdirməsə də, ürəyinin dərinliyində bu yetimçəni belə elmli kim böyüdüb? deyə narahat halda dərin fikrə getdi. Hər kəs Əl-Qasımidən cavab gözləyirdi. O, Nofəlin şeir kimi səsləndirdiyi sualına dolğun bir cavab verməyə çalışdı:
Bax, cavan oğlan, dünyanın gərdişinə nüfuz etdikcə cavabsız suallar da artır. Bəşər övladı dünyaya gələndən bu yana bəzi suallara cavab tapmayıb. Çıxış yolu üçün isə Allah insanlara bütün suallara cavab verən bir kitabı Quranı göndərib. O, dünyanı dərk eləməyin mənasız və həddən artıq sualların cavabsız olduğunu bildiyindən Quranda təkcə suallara cavab vermir, həm də əmr edir. Allahın əmrindən çıxmaq, yeni suallar verərək şəkk gətirmək isə şirkdir
Müləvvəh iftarın başa çatdığını bildirib, ayağa qalxdı. Səid ona yaxınlaşıb, tərəddüdlə dilləndi:
Heç bilmirəm, sənə necə deyim, amma deməliyəm. Yenə də şükür məsləhətinə.
Buyur, səni dinləyirəm, deyə Müləvvəh onu ürəkləndirdi.
Ey Müləvvəh, sən bilirsən ki, bizim Şeybani nəslində qürur duyduğumuz bir adam var.
Bilirəm, Yəzid ibn Məzyəd Şeybanini deyirsən.
Hə, başımızın tacı ibn Məzyəd, çox şükürlər olsun ki, xəlifəmiz Harun ər-Rəşidin yanında sevimli əshabələrdən biridir. Bizim Nofəlin də dayısıdır. Sağ olsun, həmişə zavallı bacısının tifili ilə maraqlanıb. Sənə hörməti çox böyükdür deyə bu günə kimi uşağı qəbilədən ayırmaq istəməyib. Amma deyir, artıq zamanı gəlib, Nofəli igid bir sərkərdə kimi yetişdirməliyəm. Nofəlin getməyə razı olub-olmayacağını bilmirəm. İndi hər şeyə sən qərar ver. İbn Məzyədə nə cavab verək?
Əl-Müləvvəh fikrə getdi. Oğlu qədər sevdiyi Nofəlin gedəcəyi fikri ürəyini sıxdı. Arvadı Rüqəyyanı düşündü. O bu ayrılığa necə dözəcəkdi?! İçindəki təlatümləri boğub, toxtaq cavab verdi:
Mən Rüqəyyanı birtəhər yola gətirərəm. Deyərik ki, dayısı ibn Məzyəd Nofəli görmək istəyir. Getsin, görüşsün, tez bir zamanda qayıdacaq. Sonrası Allah kərimdir. Allahın əmrindən kimsə çıxa bilməz. Hansı xeyirlidirsə, onu yalnız uca Yaradan bilir
III fəsil
Bu dünyada heç kim ömrü boyu olduğu kimi görünmür. Elin gözü tərəzidir desələr də, çəki daşları insanların əyarlarına görə şəxsiyyətlərə qiymət verir. Çəki daşları dəyişməyincə əyarlar da dəyişmir. Dünən qorxaq kimi tanınanlar bu gün nadir hallarda qəhrəman kimi görünür. Bəzən çox kasıb biri ağıllarda varlı, ağıllı isə dəli kimi, xəstə və zəif olan güclü və sağlam kimi görünüb elə də qəbul olunur. Buna alın yazısı da, xüsusi bir bacarıq da demək əsassız olmaz.
Tarixin yetirdiyi belə şəxsiyyətlərdən biri də Abbasilər sülaləsinin xəlifəsi Harun ər-Rəşiddir. Lap gəncliyindən haqqında dolaşan əfsanə və rəvayətlərə əsasən, Harun nə qədər yağ-bal içində böyümüş, dünyanın bütün naz nemətlərini dadmış, səxavətli, həm də ən güclü və amansız kimi görünür, amma nədənsə heç kəs onun həyatının keşməkeşlərini, hökmdarlıq elədiyi illərin İslam tarixinin ən çətin dönəmi olduğunu, o illərdə Peyğəmbər nəslindən olan davamçıların bir-biri ilə amansız surətdə çəkişdiyini, saysız-hesabsız təriqətlərin hərəsinin yorğanı öz tərəfinə çəkdiyini heç kəs yada salmır. İnsanları Harunun eyş-işrətdə keçən günləri, dünyadan həzz alması ilə bağlı söz-söhbətlər daha çox maraqlandırır, bu barədə əfsanələrə daha çox inanırlar.
Abbasilər xilafətinin üçüncü xəlifəsi Məhəmməd ibn Abdullah əl-Mehdinin və yəmənli kölə Xeyzuranın oğlu Harun şahzadə olsa da, anasının da çəkdiyi əzab-əziyyətlər bahasına, böyük çətinliklə hakimiyyətə gələ bilmişdi. Xilafətin ən çətin dövründə xəlifə elan olunsa da, Harun müsəlman tarixində, bəlkə də, heç bir hökmdarın etmədiyini etmişdi. Onun üçün ətrafındakıların haralı olması önəmli deyildi, çalışırdı ki, xilafətin əhatə etdiyi hər bölgədə, hətta ucqarlarda belə, dövlətə yararlı biri varsa, saraya gətirib dövlət maraqları naminə orduda, idarəetmə və ticarətdə ondan istifadə etsin.
Şeybani qəbiləsinin başçılarından olan Yəzid ibn Məzyəd karvan yollarını nəzarətdə saxlayan səhra komandiri idi. Əmisi Məyan ibn Zaidə xəlifə əl-Mehdinin yaxın adamlarındandı. Xorasanda üsyan başlayanda əmisi onu xəlifəyə təqdim edib, üsyanı yatıracağına təminat verdi. Yəzid bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən xilafətin ucqarlarında hələ də ram olmaq istəməyən Azərbaycanda qayda-qanun yaratmaq üçün hakim təyin edildi. Bir il Azərbaycan hökmdarı olduqdan sonra artıq yeni xəlifə təyin olunmuş Harun ər-Rəşid Bizans yürüşü zamanı onu yanına çağırdı, inanılmış sərkərdələrdən biri kimi özü ilə döyüşə apardı.
Valid ibn Tarifinin xəzinəni talan edib aradan çıxması, ibn Məhanın öz vəzirinin toruna düşüb xalqı narazı salması və üsyana sürükləməsi Harun ər-Rəşidi hiddətləndirmişdi. Xəyanət etmiş birinin qaçıb gizlənməsi dövlətin əsaslarına böyük təhlükə olduğundan xəlifənin əsas tapşırığı ibn Tarifinin tezliklə tapılıb edam edilməsi idi. Onun inandığı sərkərdələrindən Yəzid ibn Məzyədi yenidən Azərbaycan hökmdarı təyin etməkdən başqa çarəsi qalmırdı
Səhrada böyümüş bədəvinin birdən-birə Şərqin böyük şəhərlərindən birinə yerləşməsi Allahın lütfü idi. Nofəl ilk günlər bir az darıxsa da, hər gün aldığı qılıncoynatma, atıcılıq dərsləri, hərb sənətinin incəliklərinə yiyələnmək bütün vaxtını alır, darıxmasına imkan vermirdi. Dayısı bir neçə gün əvvəl ona bir kisə qızıl pul verib, əshabələrindən Musa əl-İbrahimini də ona qoşmuşdu ki, Bağdad bazarında gəzib ürəyi nə istəsə, alsın.