Atası iki vedrə qara böyürtkəni götürüb həyət qapısından çıxaraq, yolun kənarına qoydu. Anası arxada görünüb, bəlkə kəndin ayağındakı bazara aparaq, orda daha tez satılar,-dedi.
Son zamanlar bəzi həmkəndliləri böyürtkənləri kəndin ayaq hissəsində yol kənarında yığışıb, kiçik bazara bənzəyən yerdə satırdılar. Daha əvvələr olduğu kimi həyətlərinin qarşısına, yol kənarına qoyub gözləmirdilər.
Amma hər dəfə həmin o, kiçik bazardan söhbət düşəndə atası narazılıq edib, hər vəchlə böyürtkənlərin oraya aparılıb satılmasına qarşı çıxırdı.Və hər dəfə də deyirdi ki, qismətdirsə elə burda da tez satacağıq.
Amma bu dəfə anası israr edirdi. Birdən burda satılmaz uşağın üzünə baxa bilmərik. Birisi gün son zəngdir. Uzağı sabah ona yeni paltarlar almalıyıq. Mən uşağımı köhnə, nimdaş paltarlarda göndərə bilmərəm. Hələ qarşıdan da uşağın instituta imtahanları gəlir. Niyə axı sən istəmirsən ki, böyürtkənlər tez satılsın? Bəyəm kiçik bazara toplaşanların hamısının başı xarab olub?
Atası yenə də dirənib kiçik bazara getmək istəmədi, Bəli, orda olanların hamısı kəfəni boğazlarına dolyıblar. Hamının başı pul qazanmağa necə qarşıbsa hər şeyi unudublar. Bir gün gələcək ya özlərinin qarşısına çıxacaq, yadakı balalarının. Orda qazanılan pullar da haramdır.
Atasının bu sözləri anasının daha da marağına səbəb oldu. İnadından əl çəkmədi.
Yaxşı, gedək , hər şeyi öz gözlərinlə gör, razılaşmaq məcburiyyətində qalan atası vedrələri də götürüb kəndin ayağına doğru yollandı. Anası da onun ardınca gedirdi.
Həmkəndliləri qarşılarında böyürtkən dolu vedrələr sıra ilə yol boyu dayanmışdılar.Anası diqqət yetirdi ki, onlardan başqa daha heç kimin qarşısındakı vedrələrdə qara böyürtkən yox idi. Demək olar ki, hamı qırmızı böyürtkən satırdı. Qadın bir qədər toxtadı. Yəqin ki, tez bir zamanda iki vedrə qara böyürtkənləri satacaqdılar.
Şəhər tərəfdən gələn «Mersedes» onların qarşısında dayandı. Avtomaşından düşən qara eynəkli adam Ünalın ata-anasının qarşısındakı vedrələrə baxıb, qonşuluqdakı qırmızı böyürtkənlər olan vedrələrə yaxınlaşdı, Bunun qıramı neçəyədir? Bu vedrəni gətir maşina,-dedi və yenidən qayıdıb maşina əyləşdi.
Ünalın anası heç nə anlamadan mersedesə doğru baxdı. «Bəyəm böyürtkəni qramla satırlar?»
Qonşu vedrəni əlinə götürüb avtomaşının pəncərəsinə doğru yaxınlaşıb cibindən kağız bükülü çıxarıb içəri uzatdı. Eynəkli tez bükülünü qapıb, oturacağın altında gizlətdi. Əlini cibinə salıb çıxartdığı yüz dollarlıq əskinazı qonşuya uzatdı.Tez də maşını işə salıb bir qədər irəlidə Ünalgilin vedrələrinin qarşısında yenidən surəti azaltdı. Anası ağzını açıb cani-dildən,-qara böyürtkənləri götür, bu böyürtkənlər kimisini burda tapmayacaqsan,-demək istədikdə, atası başını bulayıb,-işin yoxdur, qoy getsin. Ona qara böyürtkən lazım deyil,-dedi. Qara eynəkli maşınını sürüb oradan uzaqlaşdı.
Vedrəsi əlində qalan qonşu geri qayıdıb ətrafa döyükdü. Vedrəni yerinə qoyub dinməz durdu. Amma gözləri gülürdü.
Həmin gün yol boyu düzülmüş insanların qarşısında xeyli maşın dayanır, tez də oradan uzaqlaşırdılar.
Axşama yaxın idi. Qara böyürtkənlərlə dolu vedrələr hələ də ata anasının qarşısında idilər.Anası təəccüblə əvvəlcə atasına baxıb, sonra isə yaxınlıqdakı kefi kök həmkəndlilərinə dedi,-Deyəsən hamının başı xarab olub. Heç kim qara böyürtkən almaq istəmir. Görəsən maşınlar hamısı niyə qırmızı böyürtkən satanların qarşısında dayanır. Bu nədir belə?
Birdən Ünalın anasını elə bil elektrik cərəyanı vurubmuş kimi qışqırmağa başladı:
Vicdansızlar, əskiklər, zatıqırıqlar, mən indi anladım, siz hamınız burda heroin, həşiş satırsınız. Qarşınızdakı o bərəkət, böyürtkənlər sizə haram olsun.
Həmkəndliləri atasının üzünə baxıb:
Deyəsən burda çox qalmaq fikriniz var? Apar da bunu burdan, dedilər.
Atası anasına doğru çevrilib sakit səslə:
Dedim axı, bura bizlik deyil, deyərək həmkəndlilərinə doğru, Birisi gün uşağın son zəngidir. Ona əyin-baş almalıyıq. Yoxsa yüz il də qala mən bura gəlməzdim, səsləndi.
Mən neynim ki, Siz qırmızı böyürtkən satmaq istəmirsiniz,-deyib qırmızı böyürtkən satan qonşu bic-bic gülümsədi.
Ünalın anasının isə hirsindən bağrı yarılırdı. Hələ də sakitləşmək bilməyən qadının ağzından od püskürürdü: «Mənim bu gözəl kəndimi bir gör nə hala salmısınız? Əclaflar»
Uzaqdan polis avtomobili göründü
Qırmızı böyürtkən satan qonşu polis avtomaşınına doğru döyüküb geri çevrildi, -Ünal yaxşı oğlandır. O, son zəngdə yaxşı geyinməlidir,-deyib,-əlini cibinə salıb pul çıxardı. Pulları Ünalın atasına doğru uzadıb, yanında dayanmış oğlana, -bu vedrələri bizə evə apar, mürəbbə bişirərlər,-dedi.
Siz isə daha burda dayanmayın, di tez olun gedin,-deyib, Ünalın ata-anasını yola saldı.
Atası boş vedrələri əlinə alıb evlərinə tərəf yollandı. Anası isə yol boyu deyinə-deyinə onun ardınca gedirdi
***
Bu gün son zəng günüdür. Ünal bir gün əvvəl ata-anasının onun üçün aldıqları ağappaq köynəyi, qara şalvarı, sübh tezdən fırçalayıb par-par parıldatdığı ayaqqabıları geyninib, kəndin ortasından keçən enli yolun qırağı ilə məktəbə sarı yola düzəldi. Digər kənd uşaqları da yol boyu sıra ilə düzülmüş evlərdən çıxıb, məktəb istiqamətində addımlayırdılar.