gələrsiniz
Cəbrayılovun Fərruxun Talıb ilə bağlı yazdığı donoslardan xəbəri vardı. Onun Muradxan Qalabəyovla etdiyi söhbətləri də bilirdi.
Cəbrayılov Əhmədəlini yanına başqa məqsədlə çağırırdı. Qalabəyov ona iradını bildirmişdi. Ölkənin hər bölgəsində, kəndində məxfi əməkdaşlığa cəlb olunan şəxslərin sayı günü-gündən artdığı bir şəraitdə Amanbəylidə bir nəfər də olsun məxfi əməkdaşın olmaması çatışmazlıq idi. İndi Cəbrayılov bu nöqsanı düzəltməli idi.
Sovetlik Əyricə kəndində qurulmuşdu. Bura bir neçə kənd daxil idi. Həmçinin Amanbəyli də. Sibir Qəzənfərin işi başından aşırdı. Kolxoz sədri olan əmisi oğlu Süleymanın da səriştəsiz olması, Süleymanın hər addımı onunla məsləhətləşməsi vaxtını ikiqat alırdı.
Sibir Qəzənfər narahat idi. İmperiyanın tərkibində olanda digər bolşevik yoldaşları ilə əbədi bərabərliyə, demokratiyaya zəmin yaradacaq bir cəmiyyət quracaqlarına inansa da, ömrünün xeyli hissəsini mübarizədə və türmələrdə keçirmiş Sibir Qəzənfər bütün ölkənin indi böyük bir türməyə dönüşünü görürdü. Ətçəkən maşının qulpunu fırladanlar onu elə hərəkətə gətirmişdilər ki, artıq durdurmaq mümkün deyildi. Belə getsə həmin ətçəkənin içinə qulpu fırladanların özləri də düşəcəkdi
Cəbrayılovun bu gün kənd klubundakı çıxışından sonra kəndliləri bir-bir çağırıb söhbət etməsi onu narahat edirdi. Hiss edirdi ki, təcrübəli Qalabəyovdan xeyli cavan olan Cəbrayılov hər bir kəsdən potensial təxribatçı, əksinqilabçı kimi şübhələnir. Yalnız məxfi əməkdaşlar onun gözündə daha inanılmışlar idi.
Bir qədər əvvəl Süleyman da onun yanına gəlib demişdi ki, Cəbrayılov ona məxfi əməkdaşlıq təklif edib. O, Süleymana demişdi ki, razılaşmaq zorundadır. Yoxsa prokurorluğa, partiya təşkilatına elə məlumatlar uydurub ötürərlər ki, Süleyman dünyaya gəldiyinə peşman olar
***
Mehtər İsmayılın atasının ölümündən sonra anası Nəsibə havalanmışdı: Apardılar kişini, apardılar
Çoban Hümbətin arvadı Nübar əllərini qoynunda cütləyib əsəbiləşdi:
Yenə başladı Ağız, hara apardılar kişini. Odeyy qəbiristandadır.
Yox. Qırmızıpapaqlar apardılar Apardılar revkoma.
Bıy, başıma xeyir.
Revkom uçub, uçub Revkom. Kişi də qalıb altında.
Artıq xeyli müddət keçməsinə baxmayaraq Nübar hələ də ərinin Revkomun uçmuş binası altında olduğunu düşünürdü.
Nübar Şəhrizadı qoyub gedə bilməsə də, neçə vaxt idi ki, Hümbəti məcbur edirdi ki, kolxozdan həyətyanı sahə alsınlar, ev tikib köçsünlər. Bir yandan da Nəsibənin eyni sözləri təkrar etməsi onu əndazədən çıxarırdı.
Şəhrizad eyvanda göründü. Bir qədər əvvəl Cəbrayılovun iclasda kənd camaatına Qüdsi Hacıyevin ölüm xəbərini dedikdən sonra bütün kənd pıçıldaşırdı ki, Qüdsini Məmmədrəsul öldürüb.
İndi keçmiş xanımını eyvanda görən Nübar adəti üzrə özünü yığışdırdı. Amma daha Şəhrizada xanım deyə müraciət etmirdi.
Şəhrizad bunu hiss etsə də, heç üzə vurmadı.
Sən elə mənim bacımsan, deyib, o özü Nübarı bu əziyyətdən
qurtardı.
Salam, ay bacı.
Salam, Nübar.
İndi gəlirəm. Sözüm var.
Həyətə çıxan Şəhrizad Nübarın sözlü adama oxşadığını duymuşdu.
Nə deyəcəkdin, buyur.
Nübar duruxdu. Bir qədər özünü toparlayıb kənddə dolaşan dedi-qodunu Şəhrizada çatdırdı. Qəhər Şəhrizadın bağrını deşirdi. İstədi ki, Nübara desin ki, "mənim qardaşım öldürə bilməzdi Qüdsini. Qüdsi öldürülən gecə qardaşım mənim yanımda, evdə idi". Amma Nübara bu sözləri deyə bilmədi. Qardaşının onlara gəlişini heç kim bilməməli idi.
Qüdsinin ölümündə qardaşının əli olmadığına tam əmin idi Şəhrizad:
Yalandır, mənim qardaşım Qüdsini öldürə bilməzdi
Həyət qapısından içəri girən İsmayıl ortada ayaq üstə dayanıb söhbət
edən Şəhrizad və Nübarı görüb hər şeyi anladı. O artıq bilirdi ki, söhbət nədən gedir İnsanlar artıq öz sözlərini demişdilər. Qüdsini öldürənin Məmmədrəsul Haqverdiyev olduğuna hər kəs özünü inandırmışdı
Həyatını verməyə hazır olduğu Şəhrizadın qardaşı haqqında deyilən bu sözlər onun xanımının da, bəyi Talıbın da üzərinə kölgə salırdı.
Özünü bu ailənin bir parçası hiss edən İsmayıl son vaxtlar az qalırdı
ki, hər şeyi atıb Məmmədrəsula qoşulsun.
İnsanın taleyi, ömrünün uzunluğu öz əlində deyil. Amma insana
ayrılmış müddət ərzində neçə günü mənalı yaşaması onun öz əlindədir
Çətin və acılı günlərin şirin sonluğunu dadmaq yalnız mənalı ömür sürmək üçün yaşayanlara qismət olur. Çünki çoxları nə vaxtsa yaşayacaqları günə çatmaq üçün günləri, ayları sayaraq "heyhat, ömür keçdi", dedikləri anda, bir başqası növbəti anını yaşamağına davam edir. Beləcə də həmin mənalı anlar toplanaraq sonda "mən yaşadım", dedizdirir insana
Salam, ay İsmayıl. Hələ bir bəri dur, bunu Şəhrizadın hələ də
yanında durub, guya ürək-dirək verən, amma əslində yarasının qaysağını qoparan Nübar dedi.
Onsuz da dilxor olan İsmayıl onların beş-altı addımlığında dayanıb, Nübar xala, eşidirəm, buyur, dedi.
Nübar yenə də Şəhrizada xitabən, ay bacı, deyib, sözünə davam etdi: Bu gədə nə düşünür mən bilmirəm. Ədə, anan yazıqdır. Bir halal
süd əmmiş al, gətir evə, o arvada dayaq olsun.
İsmayıl bilirdi Nübar nəyə eyham vurur.
Ay bacı, sən denən ona, nə vaxtacan subay gəzəcək?
Şəhrizad İsmayılı çox istəyirdi. Ona qardaş gözüylə baxırdı. Bayaqdan bəri Məmmədrəsul söhbətinə görə dilxor olan Şəhrizad sanki öz doğma qardaşını evləndirəcəyi qədər sevindi:
İsmayıl, düz deyir də. Mahalın hansı qızını istəsən, sənə uça-uça
gələr
Yox, bir az sən də, deyə Nübar etirazını bildirdi.
Şəhrizad söhbətin nədən getdiyini bilməsə də, İsmayıl hər şeyi gözəl anlayırdı. İsmayıl Nübarın qızı Xoşqədəmin onu sevdiyini bir-iki ay idi ki, anlamışdı.
Nədənsə əvvəllər o, evdə olmayanda xəstə anasına bir stəkan su belə verməyən Nübar da, Xoşqədəm də xeyli dəyişmişdilər.
İndi hər dəfə evə qayıdanda Xoşqədəmi anası Nəsibənin yanında görürdü. Xoşqədəm Nəsibəyə qulluq edir, vaxtlı-vaxtında yeməyini, çayını verirdi. Xoşqədəm sanki deyirdi ki, İsmayıl, məni al, özünə arvad elə. Mən sənin anana elə baxacam ki, vicdanın yol verməyəcək məni boşayasan
Bu fikirlərlə beynini arıtlayan İsmayılın yadına Şəhrizadın bir qədər əvvəl dediyi sözlər düşdü:
Mahalda hansı qızı istəsən, sənə uça-uça gələr
İsmayıl acıqla ürəyində dedi: "Nübarın qızı Xoşqədəm də, Əhmədəlinin məni dəlicəsinə sevən qızı Ayna da gözəllikdə səndən heç də geri qalmırlar. Amma mən bədbəxt nə edim ki, mən yalnız səni sevirəm, Şəhrizad, çox heyf ki, mən bunu sənə heç bir vaxt deyə bilməyəcəm"
İsmayıl nümayişkaranə şəkildə geri çevrilib yaxındakı daxmalarına
girdi. Xoşqədəm anası Nəsibənin yastığını rahlayırdı. İçəri girən İsmayıla
tərəf çevrilib barmağını dodaqlarına tərəf apardı:
Sss Sonra İsmayıla tərəf bir-iki addım atıb yavaş səslə, yatır, dedi.
İsmayıl:
Sağ ol, Xoşqədəm, sən gedə bilərsən, dedi.
Ac olarsan, yaxşı buğlama bişirmişəm, çəkim, ye.
Yox, sağ ol, əziyyət çəkmə, ac deyiləm.
Onda çay iç.
Yox, köhnə çinarın altındakı bulaqdan su içdim
Xoşqədəm İsmayılın qarşısında dayanıb başını aşağı saldı. Yanaqları
qıpqırmızı idi. Sanki deyirdi ki, məni sev, İsmayıl. Nədən mənə diqqət vermir, mən tərəfə baxmırsan. Qızın duruşu İsmayıldan cavab gözləyirdi.
İsmayılsa sandığın üstündə əyləşib yatmış anasına tərəf baxırdı.
Yaxşı, mən gedim. Evdəyəm. Acsan xəbər ver, gəlim çayını, suyunu verim.
Yaxşı İsmayıl könülsüz cavab verdi
Bu yerlərin qız-gəlinləri öz sevgilərini oğlanlara, kişilərə heç vaxt
sözlə deməzdilər. Onların hərəkəti, baxışları hər şeyi deyirdi.
Bu gün sahədə işləyəndə də eyni briqadada olan Aynanın